20 noyabr - Şanlı Gün!Tarixinin ən güclü dövlətinə çevrilməsi və müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən amillərdir. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi. Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil.

    2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladıqları həmin üçtərəfli Bəyanata əsasən işğalçı dövlətin məğlub ordusu qalan bölgələrimizi də tərk etməli, həmin ərazilər həqiqi sahiblərinə qaytarılmalı idi. Belə də oldu. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya şərtləri ilə razılaşmağa məcbur qaldı. Bu tarixi hadisədən sonra Laçın, Ağdam və Kəlbəcər Azərbaycana qaytarıldı. Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də Qələbə qazandı. Ən əsası da 20 noyabr 2020-ci il tarixi xalqımızın, xüsusilə də ağdamlıların yaddaşına əbədi həkk olundu. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb. Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Prezident İlham Əliyev: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.”

    Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

    Azərbaycan tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Respublikamız bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Torpaqların xilaskarı, xalqın sevgi və minnətdarlıq ünvanı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər şeyi vədəsində, uzaqgörənliklə və ən yüksək səviyyədə görməklə uğurların sayını durmadan artırır! Azərbaycanı qalib dövlətə, xalqımızı qalib xalqa, ordumuzu qalib orduya çevirən İlham Əliyev quruculuq sahəsinin ən böyük qəhrəmanıdır!

    Yeganə Abbasova,
    Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
     Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Bütün anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təntənə ilə qeyd edək. Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixini yox, 20 noyabr Ağdam Şəhər Gününü böyük sevinclə qeyd edirlər. Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.

    İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

    Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilib. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır.

    Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. 2021-ci il mayın 28-də, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu.

    Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər Ağdam oldu. Bir il öncə Prezident şəhərin baş planına uyğun çox mühüm sosial-iqtisadi infrastrukturların təməlini qoydu.

    Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

    Son olaraq onu da vurğulayaq ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək.

    Kəmalə Abdullayeva,
    Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.
    Ağdam Şəhəri Günü böyük Zəfərin təntənəsidir“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Artıq üçüncü ildir ki, xalqımız bu tarixi günü böyük əhval-ruhiyyə ilə qeyd edir.

    Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

    Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

    Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Vətən müharibəsində qazanılan böyük qələbə-tarixi Zəfərdən sonra Ağdamın düşmən taptağından azad olması öz həllini tapdı. Noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.

    2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

    Heydər Rəhimov,
    Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
    Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.” “Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.

    Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”- bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışında söyləyib.
    Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
    Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
    Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
    Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
    Ötən 25 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
    Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
    Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

    Yeganə Abbasova,
    Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!